N 14      17.04.2014
   
 
 Baş səhifə
 Ədəbi-mədəni həyat
 KİV və ədəbiyyat
 Poeziya
 Nəsr
 Tərcümə
 Soydaşlarımız
 Qonaq otağı
 Türk dünyası
 Əsərlər, rəylər
 İllər, şəxsiyyətlər
 Axtarışlar
 Xarici mətbuatda
 Teatr
 Yumor
 Çevrə
 Panoram
 Oxucu və qəzet
 Arxiv
 
 
  Teatrşünaslığımızın tarixindən
 
     
 

Ötən əsrin 60-cı illərindən teatrşünaslığımızda yeni bir sahə meydana gəldi. Mənbələrə istinadən keçmiş dövrün materialları əsasında məlumat xarakterli yazılarla kitablar hazırlamaq. Bu işlə tədqiqatçı alim Qulam Məmmədli məşğul olmağa başladı. Görkəmli mədəniyyət xadimi, öz prinsipiallığı ilə seçilən araşdırıçı Qulam Məmmədlinin elmi yaradıcılığına sağlığında olduğu kimi, bu gün də münasibət birmənalı deyil. Əslində Qulam müəllim ona olan bu münasibətin fərqində də deyildi. Mübahisənin məğzində isə onun bizim fikrimizcə, Azərbaycan teatrşünaslıq elminə böyük yenilik gətirmiş salnamələri dururdu. Qulam müəllim salnaməçi kimi teatrşünaslıq fəaliyyətinə 60 yaşından sonra başlamışdı. Gənc yaşlarından səhnə fəaliyyəti ilə məşğul olan, səhnə ustaları və görkəmli sənətkarlarla təmasda olan Qulam Məmmədli ötən əsrin 20-ci illərinin ortalarından yaradıçılığını mətbuatla, nəşriyyat işləri ilə bağlamış, eyni zamanda Cənubi Azərbaycandan olan soydaşlarımızın şeirlər toplusunu nəşrə hazırlamışdır. “Azərbaycan kolxozçusu”, “Yeni yol”, “Kirpi” kimi məşhur qəzet və jurnalların redaktoru olmuş, “ Kommunist” və digər qəzetlərdə məsul vəzifələrdə çalışmış, bir çox yerlərdə müdir işləmiş, hətta Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının direktoru olmuşdur. Dövlət və xalq qarşısında böyük xidmətlər göstərmiş Qulam Məmmədli bu gün yaddaşlarda salnaməçi teatrşünas kimi yaşayır. Bəlkə o, özü də bilmədən, taleyin axarı ilə Azərbaycan teatrşünaslığına yeni nəfəs gətirmişdir.
1959-cu ildə təqaüdə çıxan Qulam Məmmədliyə bir neçə il sonra arxivlərdə ehtiyac duyulmuşdu. Belə ki, öz fəaliyyətini genişləndirən, yuxarı dairələrin sifarişini yerinə yetirən, tədqiqatçılara xidmət etməli olan arxivlərdə əski əlifbanı bilən mütəxəssislərə tələbat vardı. Uzun müddət əski əlifbadan uzaqlaşma öz ağır nəticəsini vermişdi. Bu sahədə mütəxəssis azlığı yaranmışdı. Arxivlər məcburiyyət qarşısında qalıb nadir mütəxəssis kimi təqaüdçü Qulam Məmmədlini işə dəvət etmişdilər. O, altı il müddətində Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində elmi məsələlər üzrə direktor müavini işlədi. Arxiv sənədləri ilə yanaşı, Azərbaycan mətbuatının əski əlifba ilə olan dövrünü də araşdırdı. Oradan teatra dair məqalələri topladı. Əslində sonuncu işə onu Cəfər Cəfərov cəlb etmişdi.
Qulam Məmmədlinin potensial imkanları, səbri, zəhmətkeşliyi teatrşünas Cəfər Cəfərovun da diqqətindən yayınmamış, Azərbaycan Teatr Cəmiyyətinin rəhbərliyi ilə onu ərəb əlifbasıyla çıxan dövri mətbuatdan teatra dair məqalələri toplamaq, arxiv sənədlərini yığmaq işinə cəlb etmişdi. Zəhmətkeşliyi ilə bərabər ədalətli, haqsevən insan olan Qulam Məmmədlinin bu iş ürəyindən idi. Qulam müəllim kimi ciddi, sovet dövlətinə sədaqətli, yoxsul kütlə arasından çıxmış, uzun müddət qüsursuz partiya stajı toplayan bir insana o, zamanın rəhbərliyi inanırdı. Ona görə, yuxarılara gərək olan gizli sənədlərə və qadağan olunmuş qovluqlara baxmaq ona həvalə olunurdu. Yuxarılar bir məsələni unutmuşdular. Zəhmətkeş tədqiqatçı eyni zamanda həyatda yalanı, saxtakarlığı sevməyən, pak bir insan idi. Beləliklə, Qulam Məmmədli tədqiqatlarında o dövr teatrşünaslığına bəlli olmayan sənədlər üzə çıxardı. Ən maraqlı fakt isə onda idi ki, Azərbaycan teatr sənətinin inkişafında müəyyən xidmətləri olan, adlarının çəkilməsi belə qadağan olunan insanların adları, eləcə də xidmətləri bu salnamələrdə gizlədilmirdi. Hətta onlarda sovet hakimiyyətinin özünə bir nömrəli düşmən hesab etdiyi Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə kimi şəxsiyyətlərin də adlarına rast gəlmək mümkündür. Bu salnamələr ideologiyalı elmə yox, şəffaf elmə xidmət edirdi. Onun “Hüseyn Ərəblinski”, “Cahangir Zeynalov”, “Azərbaycan teatr salnaməsi”, “Üzeyir Hacıbəyov”, “Molla Nəsrəddin”, “Abbas Mirzə Şərifzadə” və s. bu kimi salnamələrində bu səpkili faktlar onlarladır. İndi ortaya belə bir sual çıxır ki, “Qlavlit” adlanan senzor idarəsinin mövcud olduğu elə bir dövrdə bu qadağan olunmuş mövzular və adlar kitablara necə düşürdü? Məsələ orasında idi ki, bu insanların adları və xidmətləri insanlara elə unutdurulmuş, dərsliklərdən elə silinmişdi ki, (hətta bəzən onların tənqid məqsədi ilə də adları çəkilmirdi) senzurada işləyən, sovet institutlarını bitirmiş mütəxəssislər onlar haqqında heç bir məlumata malik deyildilər. Tanıdıqları xalq arasında böyük nüfuz qazanmış Hacı Zeynalabdin Tağıyev kimi insanlar idi ki, onlar bu kitablarda “Tağıyev teatrı” sözlərini “Şəhər teatrı” ilə əvəz etmişdilər. Əlbəttə ki, Qulam Məmmədlinin kitablarının redaktoru və rəyçiləri olmuş Abbas Zamanov, Əziz Mirəhmədov, eləcə də Əziz Şərif kimi şəxsiyyətlər bu qadağa qoyulmuş mövzuları və adları bilirdilər. Amma onlar da bu məsələdə Qulam Məmmədli ilə həmfikir idilər.
İllər ötdükcə Qulam Məmmədli ətrafında təzadlı fikirlər, ziddiyyətli rəylər daha da qatılaşırdı. Qulam Məmmədlinin tərəfdarlarının bir qrupu onun elmlər doktorundan da artıq bir iş gördüyünü qeyd edirdilər, hətta bəziləri “Qulam Məmmədli bir institutun”, bəziləri isə “bir neçə institutun işini görür” - deyirdilər. Elm adamlarının başqa bir qrupu isə Qulam Məmmədlini bir alim kimi görmək istəmirdi. Onların fikrincə o, adi bir tədqiqatçı, ən yaxşı halda, salnaməçi, nəzəri mülahizələr söyləməyən, tədqiqatlarını ümumiləşdirməyən bir peşə sahibi idi.
Mübahisələr səngiməyir, illər isə bir-birini qovurdu. Amma humanitar elm aləmində bu mübahisələrə, dedi-qodulara biganə qalanlardan biri elə Qulam Məmmədlinin özü idi. O, nə elmi dərəcə, nə də fəxri ad haqqında düşünürdü, gecə-gündüz arxivlərdə çalışır, hətta arxiv, kitabxana işçilərini təngə gətirirdi.
Qulam Məmmədlinin əməyini yüksək qiymətləndirən alimlər isə onun opponentlərinə, onu istəməyənlərlə öcəşmək istəmirdilər. Niyə? Çünki bu qəbildən olan alimlərlə mübahisəyə girmək, həqiqəti söyləmək, əslində onlarla, yüzlərlə alimin iç üzünü açıb göstərmək, ordan-burdan bir neçə material tapıb elmi iş yazan, bəzən də yazdıran, sonra ali məktəb auditoriyasında bir konspekt dəftəri ilə dərs deyən, elmi idarələrdə özünə isti yuva tapan “alimlərin“ qəzəb obyektinə çevrilmək demək idi. Qulam Məmmədli isə öz işində idi. Onun tədqiqatları sovet elmini saxtalaşdıranlara böyük zərbə vururdu. Kitablar əsasında kitab yazan, rejimdən qorxaraq tarixi faktları üzə çıxarmayan, ya da ona xoş gəlmək üçün böhtan atan “alimlər”in tədqiqatlarının iç üzü onun salnamələri fonunda açıq-aydın ifşa olunurdu.
Bəzi böhtanlarda iş o yerə çatırdı ki, onu ali təhsil, elmi ad almamaqda qınayırdılar. Amma kitablar öz işini görürdü. Artıq ideologiyalı elmin eyibləri daha özünü büruzə verməyə bilmirdi. Beləliklə, bu “bisavad” alimin əsərləri diplomlu “alimlərin“ iç üzünü açıb göstərirdi. Bu kitablar göstərir ki, Hüseyn Ərəblinskinin ölüm tarixini belə dəqiqləşdirə bilməyənlər onun haqqında kitab yazır, yaxud Üzeyir Hacıbəylinin sovet dövründə, 1938-ci ildə “Koroğlu” operasının Moskvada göstərilib, Stalin tərəfindən bəyənildiyi vaxta kimi bu böyük şəxsiyyətin ağrı-acılarından xəbərsiz olanlar (bəzən göstərmək istəməyənlər) onun haqqında elmi işlər müdafiə edirlər. Onun salnamələrində Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan teatrı haqqında da məlumatlar toplanmışdı. Bunu isə sovet dövründə üzə çıxarmaq asan məsələ deyildi. Tədqiqatçının ikicildlik “Azərbaycan teatr salnaməsi” əsəri səhnə sənəti tariximizə dair araşdırmalara, kitablara yeni gözlə baxmağa əsas verirdi. On illər boyu quraşdırılmış bir çox kitab, “elmi” iş Qulam Məmmədlinin tədqiqatları ilə müqasiyədə cılızlaşırdı. Bunu onun barmaqla sayılan müdafiəçiləri çox yaxşı bilirdilər. Amma zəmanələrinin boz sifətini görmüş bu şəxslər hər şeyi ağartmırdılar. Qulam Məmmədlinin özü də məqalələrində, söhbətlərində özünü təmkinlə aparır, heç kimin dəyirmanına su tökmürdü. Onunla Azərbaycan Teatr Cəmiyyətində keçirilən görüşlərin birində - siz təqaüdə çıxdıqdan sonra belə kitabları nə məqsədlə hazırlamısınız? - sualına 1937-ci il hadisələrinin şahidi olmuş, neçə-neçə həmkarını itirmiş bir alimin cavabı qısa oldu:
- Çörək pulu qazanmaq üçün.
Halal zəhmətlə, vicdanlı qələmlə qazanılmış bu çörək pulu çoxlarını haramdan uzaqlaşmağa çağırırdı.
Bəs Qulam Məmmədlinin yaradıcılığı ətrafındakı mübahisələrdə kim haqlı idi? Tədqiqatçının yazdığı kitablar doğrudanmı hansısa bir alimin yazacağı əsər üçün yalnız bir material səviyyəsində idi?
Tarix öz sözünü dedi. Özü də paradoksla. Alimliyi danıldığı bir insanın bu gün elmi fəaliyyəti haqqında elmi işlər yazılır.
XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan teatrşünaslığında İlham Rəhimlinin elmi yaradıcılığı da bir mərhələ təşkil edir. İlham hələ gənclik illərindən teatrşünaslıq sahəsindəki yaradıcılığı ilə diqqəti cəlb etmişdi. Zəmanəsinin ən nüfuzlu qəzeti olan “Kommunist” qəzetindəki çıxışları gənc yaşlarından onu teatr ictimaiyyəti arasında tanıtmışdı. Teatrşünaslıq yaradıcılığına tənqidci kimi başlayan İlham o dövrdə Azərbaycan teatrlarında olan naqislikləri, çatışmazlıqları, tamaşalardakı bədii nöqsanları, qüsurları peşəkar səviyyədə açıb göstərir, onlar haqqında həyəcan siqnalları qaldırırdı. Gənc teatrşünasın cəsarətli yazıları teatrlarımıza yaradıcı təşkilatdan çox qazanc mənbəyi, “obyekt” kimi baxan məmurları əsəbiləşdirir, yaşlı teatrşünaslar tərəfindən isə qısqanclıqla qarşılanırdı. Əgər məmurlar öz vəzifələrini, əyri yollarla qazandıqları gəlirləri itirməkdən çəkinirdilərsə, yaşlı nəsil teatrşünaslar isə onların deməli olduğu, amma nəyinsə naminə deyə bilmədiyi sözlərin, fikirlərin gənc bir teatrşünas tərəfindən deyilməsi ilə razılaşa bilmirdilər. El dilində desək, bu yazılar onların bir alim kimi paxırlarını açır, eyiblərini göstərirdi. İlham Rəhimli isə səhnə sənətindəki liberallığın, güzəştlərin əleyhinə idi. Azərbaycanın geniş teatr içtimaiyyəti tərəfindən razılıqla qarşılanan bu tənqidi məqalələr illər keçdikcə teatr tariximizi araşdıranlar üçün etibarlı mənbə oldu. Bu gün belə, patetikadan, şişirdilmiş təriflərdən, yersiz təşbehlərdən uzaq həmin resenziyaları, məqalələri oxuyarkən o dövrkü Azərbaycan teatr prosesini dəqiqliklə izləmək olar.
Ötən əsrin 70 və 80-ci illərində İlham Rəhimli əsas etibarilə teatr tənqidi və onun estetik məsələləri ilə məşğul olurdusa, çox keçmədən o teatr tarixçisi kimi də diqqəti cəlb etməyə başladı. İlk növbədə ayrı-ayrı sənətkarların yaradıcılığı barədə monoqrafiya yazan teatrşünas tədricən xalq teatrından tutmuş bu günümüzə qədər olan Azərbaycan səhnə sənətinin tarixini araşdırmağa başladı. Vaxtilə Cəfər Cəfərov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun teatr və kino şöbəsinə başçılıq edərkən bütün işçiləri arasında paylaşdırıb, tədqiq etdikləri mövzuları İlham Rəhimli təkbaşına həyata keçirməyə başladı. Onun bu sahədəki yaradıcılığı təkcə bir müddət ədəbi hissə müdiri işlədiyi Akademik Milli Dram Teatrının tarixini əhatə etmirdi. Azərbaycan Musiqili Komediya Teatrının, Azərbaycan Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Gəncə Dövlət Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, bir sözlə, ölkəmizdə və ondan kənarda fəaliyyət göstərən bütün Azərbaycan teatrlarının, aktyor truppalarının keçdiyi yol barədə həm Azərbaycan teatrı tarixinə həsr etdiyi kitablarında yazdı, həm də ayrı-ayrı monoqrafiyalarda onlardan bəhs etdi. Bir zamanlar Cəfər Cəfərov Azərbaycan teatrı tarixinə dair kitabında yazırdı ki, gələcək əsərlərində respublikamızda fəaliyyət göstərən digər dram teatrlarının fəaliyyəti də işıqlandırılacaq. Amma alimin vaxtsız vəfatı bu sahədə işini tamamlamağa imkan vermədi. İlham Rəhimli təkcə Cəfər müəllimin bu sahədəki arzularını həyata keçirmədi, qeyd etdiyimiz kimi, musiqili teatrların da tarixini yazmağa başladı və sona çatdırdı. Bu cəhətdən o, teatrşünaslarımız arasında ilk universal, hərtərəfli teatrşünasdır. Bu gün teatrşünasın kitablarının sayı yaşı kimi əllini keçib. “Xalq oyun tamaşaları”, “Azərbaycan Milli Teatrının poetikası”, “Akademik Milli Dram Teatr” (II cilddə), “füzuli meydanında sənət məbədi”, “Üç əsrin yüz otuz ili”, “Azərbaycan teatr tarixi”... Akademik Bəkir Nəbiyevin təbirincə desək, bunlar bitib-tükənməyən İlham yaradıcılığının bir qismidir. Bu kitabların sayını hələ nə qədər də artırmaq olar. Azərbaycan teatrşünaslığını bütün istiqamətlərdə araşdıran İlham Rəhimli neçə-neçə metodik vəsaitin, dərsliklərin də müəllifidir. Ilk dəfə olaraq onun tərəfindən teatr sözlüyü yaradılmışdır. Bu çətin, zəhmətli bir işdir. Eyni zamanda onu yazandan hərtərəfli məlumat istəyir. Belə bir çətin işə teatrın tarixindən tutmuş səhnənin “mətbəxinə” kimi oyun sənətini bilənlər girişə bilərdi. İlham Rəhimlinin isə bu sözlüyə qədər yazmış olduğu kitablarda biz termin axtarışları ilə rastlaşırıq. Teatrşünas sözlüyə xalq tamaşalarında işlənən terminlərdən, səhnə ifadələlərindən tutmuş bu gün istifadə olunan sözlərə qədər bütün ifadələri toplamış, onların izahını vermişdir. O, dilimizdə işlənən əcnəbi sözlərin Azərbaycan dilində qarşılıqlı anlamını tapmış, geniş şəkildə izahını vermişdir.
Rəhmətlik Xəlil Rza bir çox sözləri (çimərlik, nəfəslik və s.) dilimizə gətirdiyi kimi, İlham Rəhimli də səhnə sənətinə dair terminlərin qarşılıqlı mənasını tapmışdır.
Bəzən teatrşunasın arxasınca deyinənlər onun kitablarındakı faktoloji materialların həddindən ziyadə olduğunu qabartmağa çalışırlar. Məgər bu materiallar mütəxəssislərin əlindən azmı tutur?! Belə məqamda Qulam Məmmədliyə dodaq büzənlər yada düşür və bu fonda İlhamın böyüklüyü görünür.
Bu gün Azərbaycan teatrşünasları içərisində İsrafil İsrafilovun və Aydın Talıbzadənin də yaradıcılığı da diqqət mərkəzindədir. Əsas etibarı Azərbaycan rejissor sənətinin inkişaf mərhələlərini araşdıran İsrafil İsrafilov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli rejissorlar barədə araşdırmaların müəllifidir. O, müxtəlif üslublu bu rejissorların estetik prinsiplərini yaxından bilir. Milli rejissor sənətinin poetik problemləri barəsində doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan və dünya teatrının poetikasına, nəzəri əsaslarına dair xeyli elmi-metodik vəsaitin müəllifidir. İsrafil İsrafilovun üstünlüyü ondadır ki, bildiklərini təcrübədə də həyata keçirir. Onun elmi işi ilə praktiki işi bir-birini tamamlayır. Vaxtilə Milli Dram Teatrda truppa müdiri, Tədris Teatrında direktor işləyən alim bu gün səhnə sənətimizin flaqmanı Akademik Milli Dram Teatrına başçılıq edir. Eyni zamanda teatrşünaslıq fəaliyyətindən də qalmır, yeni kitablar üzərində işləyir. Nəzəriyyə ilə təcrübəni uzlaşdıra bilir. Avropa teatrının tarixi və poetikası üzrə yaxşı mütəxəssis olması onun teatrdakı işi zamanı karına gəlir.
Aydın Talıbzadə isə teatrşünas kimi yaradıcılığında nəzəri məsələlərə daha çox diqqət, önəm verir. Onun mətbuatda müxtəlif tamaşalar barədə çıxan resenziyalarında, məqalələrində, araşdırdığı, rəy söyləmək istədiyi obyektə gözlənilməz rakursdan, yöndən yanaşmaq çəhdi diqqətəlayiqdir. Aydın məntiq, axıcı dil, tənqidçi özünəinamı onun resenziyaları üçün xarakterikdir. Bunlardan əlavə Aydın “Şərq teatr tarixi”, “Ustad və Ayna”, “Mehdi dünyası və sənətdə konseptual Hamletizm”, “İslam dünyasında teatr və teatrşünaslıq» kimi sanballı kitabların müəllifidir. Bu kitablarda o, təkcə araşdırıcı kimi çıxış etmir, eyni zamanda nəzəri mülahizələri ilə həmin əsərləri zənginləşdirir. Aydın Talıbzadə teatrşünas kimi öz fikirlərini ifadə etmək üçün ənənəvi yolla getmir, yeni forma və ifadə vasitələri tapır.
XXI əsr Azərbaycan teatrşünaslığından danışarkən Ədalət Vəliyevin üç kitabının adı çəkilir. Teatrşünasın "Teatr sənətimiz: dünən, bu gün, sabah", "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" və "Teatr" kitablarında müasir səhnə sənətimizin müxtəlif problemlərindən söhbət açılır. Uzun müddət teatrlarda müxtəlif vəzifələrdə çalışan, hal-hazırda ölkə tetarlarına nəzarət edən Ə.Vəliyev bütün teatr prosesini izləmək imkanına malikdir. O, bu kitablarında XX əsrin sonu XXI əsrin əvvəllərindəki teatr prosesinin uğurlarının və büdrəmələrinin səbəblərini göstərir, teatr təşkilatçılığını elmi şəkildə araşdırıb ifadə edir. Bu kitablar onun uzun illər topladığı təcrübəsinin və elmi təfəkkürünün vəhdətindən meydana gəlib, səhnə ustalarına işlərində kömək olur. Ədalət Vəliyevin bəzi məruzə və çıxışları da teatrşünaslığımızın tərkib hissəsidir. Onlarda səhnə sənətimizin uğurları ilə yanaşı, yaraları da görsənir, eyni zamanda bu büdrəmələrin diaqnozu və çarəsi öz əksini tapır.
Yaqub Əlioğlu gözdən uzaq qaçan, amma başını aşağı salaraq ahəstə işini görən teatrşünaslarımızdandır. Onun işləri ilə tanış olduqca teatrşünaslıq elmimizə qəlbən yaxınlığı diqqəti çəkir. Təvazökar teatrşünasın kitabları səmimiyyəti ilə seçilir. "Şuşa teatrı", "Rejissorlarla üz-üzə", "Sənət çevrəsinin sakinləri", "Səhnə rampasının sehri"… Bu kitablar içərisində xüsusilə "Şuşa teatrı" tədqiqat sanballılığı cəhətindən seçilir. Yaqub eyni zamanda səhnə ustaları haqqında xeyli sənədli filmin ssenari müəllifidir. Bu filmlərdə də onun səhnə sənəti haqqında fikirlərinə rast gəlinir.
Rauf Sadıqov yaxasını teatrşünaslıqdan kənara çəkməyə çalışsa da, ədəbiyyatşünaslıqla məşğul olduğunu desə də, teatrşünaslığımız onun araşdırmalarından yan ötə bilməz. Teatrşünaslığımızla ədəbiyyatşünaslığımız arasınadkı "irsi" qohumluq, onların sintezi onun araşdırmalarından öz əksini tapır. Rauf müəllimin üstünlüyü ondadır ki, o arxivlərdə səbrlə işləməyi bacarır.
Onun tədqiqatları içərisində "Hacı İmran Qasımov teatr tənqidçisi kimi", "İlk operamız və milli mətbuatımız", "Xalq Cümhuriyyəti dövründə teatr" və s. araşdırmalar ağır zəhmətin, səbrin məhsuludur. Bu əsərlər teatrşünaslığımızdakı boşluğu doldurur, diqqəti unudulmuş, həllini gözləyən mövzulara yönəldir.
Məsməxanım Qubadovanın "Əli bəy Hüseynzadə və teatr" kitabında isə teatrşünaslığımızda siyasi səbəblərdən araşdırılmamış bir sahə - böyük ziyalımız Əli bəy Hüseynzadənin teatr sahəsindəki fəaliyyəti araşdırılır.
Son dövrlərdə Azərbaycan teatrşünaslığı daha iki kitabla - Vidadı Qafarovun “Azərbaycan teatrının janr poetikası” və İlham Qazızadənin “Türk İşçi Teatrı” kitabları ilə də zənginləşmişdir. Bu əsərlər hər iki teatrşünasın uzun illər apardıqları axtarışları sayəsində meydana gəlmişdir. Teatrşünaslıq elmi ilə Nərminə Ağayeva, Rəcəb Məmmədov, Kəmalə Cəfərzadə, Çingiz Ələsgərli və başqaları da məşğul olur, onların da müxtəlif araşdırmaları səhnə sahəmizin bu və digər sahələrinə işıq salır.
Azərbaycan teatrşünaslığı öz inkişaf mərhələsini yaşayır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində hər il onlarla tələbə teatrşünas ixtisasına yiyələnir. Bu gün teatrşünaslığımızın nəinki tarixi, bu sahədə xidmət göstərən neçə-neçə alimin yaradıcılığı da tədqiqat obyektidir. Teatrşünaslıq haqqında şübhəsiz, belə bir ötəri yazı ilə kifayətlənmək olmaz. Teatrşünaslarımızın teatrşünaslıq elmini araşdırmaq vaxtı çatıb, bəlkə də ötüb.
Atababa İsmayıloğlu